NƏDİR BU BÖHRAN?

Salamlayıram. Bəli, son günlərdə hamının başında ya da dilində bu cümlə təkrarlanır. Axı, krizis və ya böhran nədir? Hardan çıxdı? Nəyə görə çıxdı? Nə oldu ki, indi çıxdı.. pul yox, alver yox, çörək yox..

Belə deyil dostlar. Krizis nəsə yeni çıxmadı. Sadəcə olaraq biz bunu yada salmaq istəmirdik. Necə ki, yayda isti, payızda yağış, yaydan günün istisi olur, iqtisadiyyatın da krizisi olur. Bəs necə olur..?

Fikirləşin ki, insan soyuq olanda özünə fikir verir və özünü sağaltmağa çalışır, soyuqdəymə də vücuddan tez çıxır. Hətta elə olur ki, hiss edirik ki, soyuqlayacağıq, tez zoğallı çay içirik xəstəlik baş verməsin. Ancaq özünüzə baxmasanız və ya sizə baxan bir ananız, həyat yoldaşınız yanınızda yoxdursa, bu heç yaxşı nəticələnmir.

İqtisadiyyatda da ən avam ifadə ilə böhran belə bir şeydir. Fəqət burda önəmli faktorlar var. Bunlar daxili və xarici amillərdən ibarətdir. Daxili faktorlara baxsaq, bu o deməkdir ki, hər şey mikro sahədə reallaşır və nəzarət oluna bilir. Ancaq xarici amillər daha çətindir. Çünki krizisi əmələ gətirən amillər sizdən asılı deyil. Necə edirsinizsə edin, yönləndirmək çətindir. Yalnız özünüzü qorumaq üçün ilk tədbirlər apara bilərsiniz. Quş qripi xarici bir virusdur. Bu problemin həlli ancaq lazımi peyvəndlərlə olur. Buna görə də özünüzü qorumalı və ehtiyatlı hərəkət etməlisiniz.

Gələk iqtisadiyyat məsələlərinə..

Bu gün dünya ciddi böhranlar yaşama ərəfəsindədir və bu təəssüf ki, bizim coğrafiyaya da təsirini göstərir. Ən başlıca səbəb isə neftin qiymətində sürətli düşmə olaraq göstərilsə də, əslində altında yatan həqiqətlər qismən fərqlidir. Bunların bir çoxu bizə yaxın deyil. Biz öz iqtisadiyyatımızı gücləndirməli və daxili bazardakı tarazlığı qorumalıyıq.

Xüsusilə də əvvəlki yazımızda dediyimiz kimi ən kiçik dövlət iqtisadiyyatı – ailə iqtisadiyyatının can damarı olan mətbəx iqtisadiyyatında böhran yaşanmasına mane olmalı və iqtisadiyyatı yaşana bilən səviyyədə saxlamalıyıq.

Bu gün yaşanan sıxıntının digər bir səbəbi insanların iqtisadi böhranları unutması və ehtiyatını əvvəldən almamasıdır.

Qısa-qısa Sizlərə böhranda görüləcək işlər bunlardır:

– Qənaət tədbirləri həyata keçirin, xərclərinizi qeyd edin və təhlil edin;

– Pulu düzgün və səmərəli istifadə edin;

– Səbəbsiz və qarşılığı olmayan borclara girməyin;

– Ticarətinizi sağlam sənədlər üzrəində görün;

– Sabahınızı bu gündən planlayın, lazımsız risklərə girməyin;

– Borclu olduğunuz şirkət və ya şəxslərlə dialoq halında olun, onlara etimad verin;

– Personalınızla və ya evdəki ailə üzvlərinizlə vəziyyəti dəyərləndirin və birlikdə qərarlar qəbul edin;

– Bunu da unutmayın ki, hər böhran yeni fürsətlər əmələ gətirir. Səbrli və güclü olun. Hər şeyin sonu olduğu kimi krizisin də sonu var.

Bəli, bunlar əsas tövsiyyələrdir. Bu prosesin müvəqqəti olduğunu unutmayaq. Əsl tədbirləri dövlətdən gözləyib çözümləri dövlətin verməsini gözləməyin. Ən azı öz iqtisadiyyatınızda, yəni evinizdə və işinizdə tədbirlərini götürün ki, bu prosesdə ayaq üstə qala biləsiniz. Bu xəstəliyi böyümədən sağalda biləsiniz.

Unutmayaq ki, yaxşı idarə olunan böhran yeni fürsətlər doğurur. Sizə böhransız iqtisadiyyat və xəstəliksiz həyat diləyirəm!

mezenne.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir